BOKT “Embafinans” QSC 2023-cü ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.

“Embafinans” 2023-cü ilin ilk 6 ayını 2 milyon 82 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Təşkilatın xalis mənfəəti 294 min manat və ya 16% artıb.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır. Belə ki, “Embafinans”ın faiz gəlirləri 2023-cü ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 35% artaraq 5 milyon 611 min manat, haqq və komissiya gəlirləri isə 27% artaraq 1 milyon 119 min manata yüksəlib.

KREDİT PORTFELİ 50 MİLYON MANATI AŞIB

“Embafinans” kreditlərinə marağın olduğunu kredit portfelinin artması da təsdiq edir. 30 İyun 2022-ci il tarixi ilə müqayisədə, Təşkilatın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 18 milyon 90 min manat və ya 53% artaraq 30 iyun 2023-cü il tarixində 52 milyon 111 min manata çatıb.

TƏŞKİLAT BÖYÜYÜB

Müqayisə olunan dövrdə BOKT “Embafinans”ın cəmi aktivləri 48% artaraq 56 milyon 679 min manata yüksəlib.

30 İyun 2023-cü il tarixində “Embafinans” 15 milyon 411 min manat cəmi kapitala malik olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.

Xatırladaq ki, Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC 2022-ci ili 3 milyon 170 min manat xalis mənfəət ilə başa vurmuşdur.”Embafinans”ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 11 milyon 888 min manat və ya 45,7% artaraq 37 milyon 890 min manata çatmışdı. Ötən il “Embafinans”ın cəmi aktivləri 10 milyon 995 min manat və ya 34% artaraq 43 milyon 415 min manata yüksəlmişdi.

BOKT “Embafinans” QSC sərfəli şərtlər, hər bir müştəriyə fərdi yanaşma və minimum rəsmiləşdirmə zamanı ilə istehlak və biznes kreditləri təklif edir.